Bu gün Azərbaycanın tarixi zəfəri - Vətən müharibəsində
qələbənin üzərindən bir il ötür. Keçən il bu vaxt Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə, şanlı Azərbaycan Ordusunun rəşadətilə, şəhidlərimizin canı, qanı bahasına
xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı.
Zəfər Gününü Goranboy rayonunun
Aşağı Ağcakənd qəsəbəsində kompakt şəkildə müvəqqəti məskunlaşmış xocalılar da yüksək əhval-ruhiyyədə qeyd etdilər.
Tədbirdə iştirak edən Xocalı rayon İcra Hakimiyyətinin
başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat
rəhbərləri və işçiləri, rayon ictimaiyyəti, məktəblilər, şəhid ailələri və Vətən
Müharibəsi iştirakçıları qəsəbədə ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət edərək abidə önünə gül dəstələri düzdülər.
Sonra Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirildi.
2020-ci il sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına
başladı. 44 gün davam edən Vətən müharibəsi düşmənin təxminən otuzillik
işğalına son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər
tariximizə qızıl hərflərlə yazıldı. İlk olaraq bu qələbəni bizə yaşadan, haqq-ədalət
uğrunda, torpaqlarmızın ərazi
bütövlüyü yolunda canını fəda etmiş əziz şəhidlərimiz bir dəqiqəlik sükutla yad
edildi.
Tədbirdə çıxış etmək üçün söz Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Nəzakət İsmayılovaya verildi. Nəzakət İsmayılova çıxışında məcburi
köçkünlərin doğma torpaq həsrətilə çəkdiyi iztirabların 44 gün davam edən hərbi
əməliyyatlarla sona yetdiyini bildirdi. Xilaskar Ordumuzun qüdrəti, igid
oğullarımızın qanı və canı bahasına torpaqlarımızı düşmən tapdağından azad
etdiyimizi qeyd edərək Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsilə şəhidlərimizin
ruhu rahatlıq tapdığını dedi. O, bildirdi ki, bu qələbənin nətəcisində bir qrup şəhid ailələri ilə
Ağdama səfər edərək Şəhidlər Xiyabanında dəfn edilmiş həsrətində olduğumuz
doğmalarımızın, əzizlərimizin viran edilmiş məzarlarını ziyarət etdik. Səfər
zamanı şəhid bacım, Xocalı Özünü Müdafiə Batalyonunun döyüşçüsü və tibb bacısı Zöhrə
Quliyevanın viran edilmiş məzarını ziyarət edə bildim. Şükürlər olsun ki, mən çətinliklə
də olsa bacımın məzarını taparaq sevinc göz yaşları axıtdım. Öz arzumun, həsrətimin birinə qovuşdum. İnşallah doğma yurdum Xocalı rayonunun Kosalar kənd nümayəndəliyinə tabe olan Qaragav kəndinə də qədəm qoyaram. Bu günü yaşadığıma görə Cənab Prezidentimizə, igid Vətən oğullarına
minnətdaram. Şəhidlərimizin ruhu, qazilərimizin qarşısında baş əyirəm.
Daha sonra Aprel döyüşlərinin iştirakçısı, Vətən
müharibəsində iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif
olunmuş, Xocalı rayon gənci Şəhriyar Quliyev və ehtiyyatda olan baş leytenant,
“Xocavənd azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” Cəbrayılın
azad olunmasına görə” medalları ilə olunmuş, Xocalı rayon sakini Elnur Nəcəfov çıxış
edərək cəmi 44 gün müddətində düşməni diz çökdürən Müzəffər Ordumuzun, qəhrəman
oğullarımızın hünərlərindən danışdılar. Qeyd edildi ki, 30 ilə yaxın ərzində iqtisadi,
siyasi və hərbi tərəfdən özünə güc toplayan dövlətimiz uğurlu əks-həmlə əməliyyatı
ilə torpaqlarımızı əsarətdən azad etdi. Bu Şanlı qələbənin qazanılmasında Ali
Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü ilə yanaşı, əsgərlərimizə dayaq
olan həmrəy xalqımızın böyük rolu vardır. Azərbaycan əsgəri məhz arxasında xalqımızın
dəstəyini hiss etdikcə qürurla irəli atıldı.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin
başçısı Şahmar Usubov qalib Azərbaycan xalqını təbrik edərək bildirdi ki, biz bu
günü 30 ilə yaxın gözləmişik. Rayonumuzun rəhbəri fikirlərinə əlavə etdi ki, biz 30 il ərzində torpaqlarımızın işğal tarixini qeyd edirdik. İnanırdıq ki, bu tarixi gün gəlib
çatacaq və Zəfər Gününə qeyd edəcəyik. Allaha şükürlər olsun. Bu qələbə Azərbaycan xalqının birliyi sayəsində
mümkün oldu. Xalqımızın həmrəyliyinin bu qədər güclü olmasını bəlkə də təsəvvür
edə bilməzdik. Azərbaycan xalqının gücü onun Prezidentinin, Ordusunun gücüdür.
Bu güc sayəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ədalətsizliyə
qarşı mübarizəyə başladıq. Cənab Prezidentimiz bütün cəbhələrdə - istər
diplomatik sahədə, istərdə hərbi sahədə, beynəlxalq təşkilatlara qarşı, Azərbaycanı istəməyən dövlətlərə qarşı mübarizə apardı. Müzəffər Ali Baş Komandanın uzaqgörənliyi, nəyi, nə zaman etməyi bacardığı üçün biz qələbəyə nail olduq. Eyni zamanda hər bir vətəndaşın vətənpərvərliyi qələbəmizi təmin etdi. Qələbəmizin
əldə olunmasında körpədən tutmuş böyüyə qədər hər kəsin haqqı var. Döyüşçülərimiz, igid oğullarımız Vətəni öz canlarından əziz tutdular. Xalqımız gecəli-gündüzlü ordumuza öz dəstəyini göstərdi. Xocalılar da Ordumuz üçün əlindən gələni əsirgəmədi.
Azərbaycanın qələbəsi türk dövlətlərinin inkişafına
birləşməsinə təkan verdi. Dünya dövlətlərinə sübut etdik ki, Azərbaycanın qədim
dövlətçilik adət-ənənəsi var və bu ənənəni gec-tez özünə qaytaracaqdı. Bütöv Azərbaycanı
bərpa etmək üçün bizim haqqımız var. Bu amal üçün addımlar atılır.
Şahmar Usubov çıxışının sonunda şəhid ailəri
qarşısında baş əydiyini deyərək şəhidlərimizə Allahdan rəhmət dilədi. Bütün şəhidlərimizin
xalqımızın qəlbində daim yaşayacağını qeyd etdi. Başımızın ucalığı, namusumuzun,
qeyrətimizin özümüzə qayıtmağı şəhidlərimizin və qazilərimizin sayəsində mümkün oldununu vurğuladı. Rayonumuzun rəhbəri döyüşçülərimizə və qazilərimizə cansağlığı, şəfa
arzuladı.
Tədbirdə Xocalı şəhər 3 nömrəli Uşaq-Musiqi Məktəbinin musiqili ansamblının müşayiəti ilə Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin
xor kollektivi Azərbaycan – Türkiyə və Əsgər marşını ifa etdilər. Bəşirli
Nəzrin və Mədinə bacıları Şəhidlər şeirini səsləndirdilər. Xocalı şəhər 3
nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri Vüsalə Hümbətova, Flora Cavadova, Nəsif Quliyev, Xocalı şəhər 1 nömrəli Uşaq-Musiqi
məktəbinin müəllimi Ruslan Mustafayev, şagirdləri Nəzrin Bəşirli və Ələsgərli Xəyal
vətənpərvər ruhda mahnılar səsləndirərək tədbir iştirakçılarının qələbə
ovqatını artırdılar.
Tədbir qələbə əhval – ruhiyyəsi ilə yekunlaşdı.